ELM VƏ TƏHSİL
Bakı Mühəndislik Universitetində Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 13 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən sənədli film göstərilib.
BMU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə bu ali məktəbin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, dövlət müstəqilliyimizin qorunub saxlanmasında müstəsna xidmətlərindən danışıb.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və məhv olmaq təhlükəsi ilə üzləşdiyini xatırladan rektor qeyd edib ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan xilas olaraq inkişaf yoluna çıxıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və bütün sahələrdə uğurlu islahatların aparılmasına şərait yaradıb.
Professor H.Məmmədov 15 iyun - Milli Qurtuluş Gününün geniş qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanınmasında misilsiz tarixi rolundan bəhs edən rektor Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan professor H.Məmmədov Ümummilli Liderin parlaq ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib, respublikamızın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətini vurğulayıblar.