REGİONLAR
Bakı Mühəndislik Universitetində YAP ərazi ilk partiya təşkilatı təsis olunub
Xırdalan, 27 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının təsis konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov YAP-ın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu vurğulayıb. Rektor qeyd edib ki, BMU yeni yaranmış universitetdir və burada təsis edilən ərazi ilk partiya təşkilatına kollektivdən könüllü olaraq 200 nəfərdən çox üzvlük üçün müraciət edilib.
Professor Əjdər Ağayev, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Yaşar Etibarlı, müəllimlər Xanlar Heydərov və Turac Məmmədova YAP-ın dövlət müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafında xidmətindən danışaraq, yeni yaradılan ərazi ilk partiya təşkilatının layiqli üzvü olacaqlarına söz veriblər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, partiya Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirib. O, YAP Gənclər Birliyinin BMU ilə əlaqələrin inkişafında maraqlı olduğunu, birgə layihələr həyata keçirə biləcəklərini qeyd edib.
Partiyanın Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Yeni Azərbaycan Partiyasının yaranmasından və hakimiyyətə gəlməsindən danışıb.
Sonda Bakı Mühəndislik Universitetində YAP ərazi ilk partiya təşkilatı təsis edilib, 9 nəfərlik idarə heyəti yaradılıb. Universitetin prorektoru Bayram Hüseynzadə təşkilatın sədri seçilib.