MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyası və Norveçin Edvard Qriq Akademiyası arasında birgə layihə
Bakı, 21 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə Norveçin Bergen Universitetinin Edvard Qriq Akademiyasının birgə “Avrasiya Kamera Orkestri” layihəsi çərçivəsində hər iki akademiyanın gənc ifaçılarından ibarət kamera orkestri yaradılıb.
BMA-dan AZƏRTAC-a bildirilib ki, aprelin 12-dən 18-dək akademiyanın “Simli alətlər” ixtisası üzrə 18 tələbəsi Bergen şəhərinə səfər edib. Səfər çərçivəsində Qriq Akademiyasının “Nəfəs alətləri” ixtisası üzrə 11 tələbəsi ilə birgə İ.Stravinski, Qara Qarayev, BMA-nın bəstəkarlıq ixtisası üzrə tələbəsi Vüsal Namazlı (“Fəryad”), Harald Saverud və Qriq Akademiyasının bəstəkarlıq ixtisası üzrə tələbəsi Kari Telsdat Sundetin (“Learning to Waltz”) əsərlərindən ibarət konsert veriblər.
Həmin nümayəndə heyəti hazırda Bakıda səfərdədir. Aprelin 23-də Bakı Musiqi Akademiyasının böyük zalında birgə konsert baş tutacaq və həmin proqramla çıxış edəcəklər. Ümumiyyətlə, Bakı Musiqi Akademiyası və Bergen Universiteti arasında həyata keçirilən bu növbəti uğurlu layihə, iki konservatoriya arasında uzun müddətli aparılan işgüzar əməkdaşlığın nəticəsidir.