QAN YADDAŞI
Bakı Musiqi Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, Aynur İsmayılova, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təşkil edilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə akademiyanın rektoru, Xalq Artist Fərhad Bədəlbəyli, “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən insanlığa yaraşmayan faciə törətməsindən, yüzlərlə günahsız və əliyalın - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetrilməsindən danışıblar. Bildirilib ki, bu qanlı hadisələr nəticəsində yüzlərlə insan qətlə yetirilib, yaralanıb və qanunsuz həbs edilib.
Tədbirdə Akademiyanın I kurs tələbəsi Fatimə Əliyeva, “Detaşe” violonçelçilər ansamblı və “Clarte” kvarteti çıxış edərək yerli və xarici bəstəkarların əsərlərini səsləndiriblər.
Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.