MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında müstəqillik günü ilə bağlı tədbir keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir təşkil olunub.
Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən söz açıb.
Vurğulanıb ki, Ümummilli Liderin siyasi yolu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.
Rektor deyib ki, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı yaradıb.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı və yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz üzləşdiyi təhlükələrdən xilas olub, dövlətlə xalqın birliyi təmin edilib. Xalqımızın dövlət müstəqilliyini bərpa etməsi mühüm tarixi hadisə kimi qiymətləndirilib.
Tədbirdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək müstəqilliyimizin tarixi inkişaf yoluna nəzər salıb. Qeyd olunub ki, bu gün ölkəmizdə gedən sürətli inkişaf, qazanılmış uğurlar ümummilli lider Heydər Əliyevin yorulmaz əməyinin nəticələridir. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın rifahı yolunda yorulmaz xidmətləri sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.
Tədbir maestro Fuad İbrahimovun bədii rəhbərliyi altında Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin rəngarəng konsert proqramı ilə davam edib.