İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi avtomobillərin parklanmasının monitorinqinə başlayıb
Bakı, 8 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi avtomobillərin parklanması ilə bağlı monitorinqlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, paytaxtda nəqliyyat sıxlığına səbəb olan ən başlıca amillərdən biri avtomobillərin düzgün park edilməməsidir. Bir müddət əvvəl küçə və yollarda qanunsuz parklanmanın qarşısını almaq üçün parkomat sisteminin tətbiqinə başlanılıb, avtomobilin saxlanmasını qadağan edən yol işarələri quraşdırılıb. Görülən tədbirlərə baxmayaraq, hələ də bir sıra yerlərdə qeyri-qanuni parklanmalar müşahidə edilir.
“Bütün bu proseslərə nəzarət etmək məqsədilə İntellektual Nəqliyyat Sistemi layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış parklamaya nəzarət kameraları bərpa edilib. Mövcud 44 nəzarət kamerası Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət tərəfindən mütəmadi müşahidə edilir. Gün ərzində qeydə alınan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara göndərilir. Bununla əlaqədar sürücülərə parklama zamanı diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir”, - deyə N.Allahyarova vurğulayıb.