İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi ilk dəfə olaraq “Road&Traffic 2017” sərgisində iştirak edəcək
Bakı, 21 aprel, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi bu il ilk dəfə olaraq 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, aprelin 26-28-də Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə Bakı Nəqliyyat Agentliyi paytaxtın marşrut şəbəkəsi, yol təhlükəsizliyi və hərəkətin düzgün təşkili ilə bağlı mövcud problemlər və onların həll yolları ilə bağlı hazırladığı layihələrini təqdim edəcək. Şəhər nəqliyyatının bir sıra mühüm elementlərini özündə əks etdirən xüsusi tərtibata malik stendə gələn ziyarətçilər üçün yol hərəkətinin təhlükəsizliyi eləcə də ictimai nəqliyyatda etik davranış qaydalarına dair maraqlı viktorinalar təşkil ediləcək.
M.Ağayev qeyd edib ki, sərgi çərçivəsində “Bakının nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud və gələcək planlar” mövzusunda seminarın keçirilməsi də nəzərdə tutulub.