İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi taksi xidməti göstərən şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb
Bakı, 30 noyabr, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, məqsəd, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir. Bu çərçivədə ilk tədbir metronun “Koroğlu” stansiyasının ətrafında keçirilib. Bakı Nəqliyyat Agentliyinin müfəttişləri yol-patrul xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə yaxınlaşaraq onlara hüquq və vəzifələri eləcə də ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparıb.
M.Ağayev qeyd edib ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Məlumat verilib ki, Bakı Nəqliyyat Agentliyi məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Belə ki, agentliyin xüsusi ekspert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib.
“Maarifləndirici xarakter daşıdığından bugünkü tədbir zamanı dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı hər hansı cərimə protokolu tərtib edilməyib. Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin bu tələbinə əməl etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək”, - deyə M.Ağayev vurğulayıb.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib.