CƏMİYYƏT
Bakı Nəqliyyat Agentliyi və “ASAN Könüllüləri” “Hər evdə bayraq olsun!” aksiyası keçirib
Bakı, 10 noyabr, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi və “ASAN Könüllüləri” “Hər evdə bayraq olsun!” aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirən Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdən biri də vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliğidir.
Dövlət Bayrağı Gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını, bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaq məqsədilə Bakı Nəqliyyat Agentliyi hər kəs tərəfindən böyük rəğbət və maraqla qarşılanan bu ənənəni əlamətdar gündə də davam etdirir. Ənənəyə uyğun olaraq 9 noyabr - Dövlət Bayrağı Günü paytaxtın inzibati ərazisində sərnişindaşımada istifadə edilən bütün avtobuslar dövlət bayrağı ilə bəzədilib. Həmçinin avtobus dayanacaqlarındakı monitorlarda və yollardakı elektron informasiya tablolarında vətənpərvərlik mövzusunda, milli-mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi tərənnüm edən şüar və təbrik mesajları yazılıb.
“Bununla yanaşı Dövlət Bayrağı Günü şəhər sakinlərində xoş ovqat yaratmaq üçün xüsusi aksiya da təşkil edilib. Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “ASAN Könüllüləri” ilə birgə ictimai nəqliyyatda sərnişinlərə “Hər evə bir bayraq” devizi altında dövlət bayrağı hədiyyə ediblər. Eyni zamanda “Avtoradio 107.7 FM” dalğasında sakinlər üçün gün boyu vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib”, - deyə M.Ağayev vurğulayıb.