İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb
Bakı, 9 iyun, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı hər zaman liberal mövqedən çıxış edən Bakı Nəqliyyat Agentliyi qəti şəkildə bəyan edir ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi mövzusunda heç bir güzəşt ola bilməz.
M.Ağayevin sözlərinə görə, bu gün ictimai nəqliyyatda əsas problemlərdən biri də avtobusların sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə girməsidir. Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin “141 Çağrı Mərkəzi”nə də kifayət qədər müraciət daxil olur. Həmin müraciətlər əsasında dəfələrlə müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıqlar edilib. Nəticədə sərnişinlərin təhlükəsizliyi baxımından ciddi qayda pozuntusu hesab edilən belə hala yol verən sürücülər dərhal işdən azad edilib.
“Məlumat üçün bildirək ki, iyulun 2-də Bakı Nəqliyyat Agentliyi əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı Bakı Nəqliyyat Agentliyə çağırılıb, sürücünün izahatı alınıb. İyulun 8-də isə daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub”, - deyə M.Ağayev vurğulayıb.
M.Ağayev qeyd edib ki, avtobus sürücülərinin yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olması baş verə biləcək bədbəxt hadisə zamanı vətəndaşların xəsarət almasına, həyatlarını itirməsinə səbəb ola bilər. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir.
Onu da qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.