İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları peşəkarlığın artırılması üçün təlimlərə cəlb olunub
Bakı, 7 may, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları peşəkarlığın artırılması üçün təlimlərə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Agentliyin Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir. Əməkdaşların 90 faizini gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu məqsədlə əməkdaşlar “GEMMS” Group ilə birlikdə təşkil edilmiş təlimlərə cəlb olunub.
M.Ağayevin sözlərinə görə, təlimdə əməkdaşlara, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, onlara beynəlxalq idarəçilik təcrübələrinin aşılanması, peşəkar istiqamətdə daha da inkişafa nail olmaları ilə bağlı təlimatlar verilib. Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.