İQTİSADİYYAT
Bakı Olimpiya Stadionundan İctimai Nəqliyyat Terminalına gedən yolda məlumatlandırıcı lövhələr quraşdırılır
Bakı, 3 may, Elvin Camalov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və daşınması üçün istifadə ediləcək İctimai Nəqliyyat Terminalında son tamamlanma işləri aparılır. Bakı Olimpiya Stadionundan İctimai Nəqliyyat Terminalına gedən yolda istiqamətverici və məlumatlandırıcı lövhələr quraşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından İctimai Nəqliyyat Terminalına (İNT) çatdırılacaq. Mərasim bitdikdən sonra isə İNT-dan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq. Açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların ekspress xətlər vasitəsilə daşınması ödənişsiz olacaq. Bununla bağlı, agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib.
M.Ağayevin sözlərinə görə, 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Açılış və bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək.