İDMAN
Bakı Olimpiya Stadionunun birinci Avropa Oyunlarının açılış mərasiminə hazırlıq vəziyyəti sınaqdan keçiriləcək VİDEO
Bakı, 7 may, Səxavət Quliyev, AZƏRTAC
Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Bakı Olimpiya Stadionunun hazırlıq vəziyyəti mayın 9-da sınaqdan keçiriləcək.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət üçün qapalı olacaq tədbir son həftələrdə arenalarda təşkil ediləcək oxşar təşəbbüslərin sonuncusudur.
Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırılır ki, mayın 9-da saat 12:00-dan 19:00-dək həmin ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.
Mayın 9-da və birinci Avropa Oyunları zamanı şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları “Bakı-2015” Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsindən, Nəqliyyat Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələrindən, radio, rəsmi internet və “Facebook” səhifələri də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə kanallarından almaq mümkündür.