İDMAN
Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb VİDEO
Bakı, 7 mart, AZƏRTAC
2012-ci ilin dekabrında tikintisinə başlanılmış Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib. Obyekt Gənclər və İdman Nazirliyi tərəfindən podratçıdan təhvil alınıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Bakı Olimpiya Stadionun sifarişçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, baş podratçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, subpodratçı isə “Tekfen İnşaat və Təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.
Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılıb və tikinti norma və qaydalarına, layihə sənədlərinə uyğun inşası barədə rəy verilib.
Qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyəti qurum tərəfindən müvafiq qaydada icazə verilib.
Qeyd edək ki, cari il iyunun 12-dən 28-dək Bakıda ilk dəfə olaraq təşkil ediləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu məkanda keçiriləcək.