REGİONLAR
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun tikintisi davam etdirilir VİDEO
Xaçmaz, 5 may, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən sərhəddə qədər olan 60 kilometrlik hissəsinin yenidən qurulması işləri sürətlə davam etdirilir.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, hazırda yolun 132-192-ci kilometrliyi boyunca birinci texniki dərəcəyə uyğun olaraq tikinti işləri aparılır. Yeni yol 4 hərəkət zolağından ibarət olacaq. Yol yatağının eni 28, yol ayrıcının eni isə 5 metr nəzərdə tutulub.
Yolboyu 23 ədəd müxtəlif yol ötürücüsü və körpü tikiləcək. Bununla yanaşı, layihəyə uyğun olaraq 27 ədəd yol keçidinin, eləcə də 313 yerdə müxtəlif diametrli su ötürücü boruların və digər dəmir-beton qurğuların tikintisi planlaşdırılıb.
Layihəyə əsasən beynəlxalq əhəmiyyətli yolun Rusiya sərhədinə qədər olan hissəsinin tikintisi 2017-ci ilin sonuna kimi yekunlaşacaq.
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun paytaxtdan Şabran rayonunun Gəndob kəndinə qədər olan hissəsi tamamilə yenidən qurularaq 2009-cu ildə istifadəyə verilib.