İQTİSADİYYAT
Bakı-Quba-Rusiya avtomobil yolunda hərəkətin təhlükəsizliyi baxımından dəyişiklik edilib VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-cu kilometrində (Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsində) mövcud olan dairəvi hərəkət zamanı sıxlığın, ləngimələrin və tıxacların aradan qaldırılması məqsədilə hərəkətin təhlükəsizliyi baxımından müvafiq dəyişikliklər edilib.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, həmin ərazidə yerləşən və asfalt üzərinə boya ilə çəkilmiş dairə ləğv edilib. Artıq avtonəqliyyat vasitələri həmin ərazidən birbaşa keçərək “Sulu təpə” dairəsi istiqamətinə hərəkət edə bilərlər. Bunun üçün ərazidə müvafiq yol nişanları da quraşdırılıb, yol ayrıcına isə xüsusi beton maneələr düzülüb. Sözügedən avtomobil yolunda mövcud olan əvvəlki dairəyə yaxın səki daşları ilə yeni simmetrik dairə inşa edilib.
Yenidənqurma işləri zamanı vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, sözügedən ərazidə 270 poqonmetr piyada səkiləri tikilib və zəruri ərazilərdə səkilərin tikintisi davam etdirilir. Səkilərin kənarlarına səki daşları, üzərinə isə tamet daşlar düzülür.
Ərazidə müvafiq yol nişanları quraşdırılıb, üfüqi nişanlama xətləri çəkilib və hazırda abadlıq işləri davam etdirilir.