CƏMİYYƏT


Bakı Regional Mərkəzi Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində oktyabrın 6-da Yasamal Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirələrinin keçirilməsinə başlayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirələrin keçirilməsi payız fəslində və qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılması ilə əlaqədardır.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin məsul şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev tədbirin əhəmiyyətindən bəhs edib. O, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Bakı Regional Mərkəzinin nümayəndəsi çıxış edərək paytaxtda 2015-ci il və 2016-cı ilin səkkiz ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin nümayəndələri müvafiq olaraq, “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar ediblər. Çıxışlar zamanı yanğınların başvermə səbəbləri barədə danışılıb, onlardan qorunma yolları barədə praktik tövsiyələr verilib.

Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəz Rayonlar üzrə Texniki İstismar Xidmətinin, rayonun enerji təchizatı və satışı idarəsinin, mənzil-kommunal təsərrüfat birliyinin, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları müvafiq olaraq, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.

Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb. O, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanmasının, məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılmasının xilasetmə əməliyyatlarına əngəllər törətdiyini, onların səmərəliliyini aşağı saldığını qeyd edib. Natiq yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla qəti mübarizəyə çağırıb.

Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, tədbir iştirakçıları tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, belə tədbirlər Bakının bütün inzibati rayonlarının icra hakimiyyətlərində altı ildir keçirilir və hazırda davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.