CƏMİYYƏT


Bakı Sağlamlıq Mərkəzində bu il 2116 əməliyyat icra edilib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün hesabat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinin Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunub. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir.

H.Həsənov qeyd edib ki, mərkəzdə 136 həkim, 59 rezident və 257 tibb bacısı əhalinin sağlamlığının qorunmasına xidmət edir. Həkimlərin 6 nəfəri tibb elmləri namizədi, 6 nəfəri Azərbaycan Tibb Universitetinin dissertantıdır. Bu ilin 8 ayı ərzində kollektivin bir çox üzvləri müəssisə rəhbərliyi tərəfindən göstərdikləri keyfiyyətli tibbi yardıma görə fəxri fərmanla təltif olunublar. Klinikada müalicə almış xəstələr tərəfindən yazılı olaraq direktorun adına 47 təşəkkürnamə, Bakı Baş Səhiyyə İdarəsinə 11 təşəkkürnamə göndərilib. Bakı Sağlamlıq Mərkəzi 13 şöbədən təşkil olunub. 2016-cı ilin 8 ayı ərzində bu şöbələrdə 7225 xəstə müalicə və müayinədən sonra sağalma ilə evə yazılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.

Onun sözlərinə görə, 7225 xəstədən 1800-ü doğum şöbəsindən, 1752-si endokrinologiya şöbəsindən, 1001 nəfəri terapiya şöbəsindən, 971 nəfəri cərrahiyyə şöbəsindən, 904 nəfəri nevrologiya şöbəsindən, 618 nəfəri burun-qulaq-boğaz şöbəsindən, 92 nəfəri yenidoğulmuşların patologiyası şöbəsindən evə yazılıb.

H.Həsənov bildirib ki, Bakı Sağlamlıq Mərkəzində bu ilin 8 ayı ərzində 2116 əməliyyat icra edilib. Əməliyyatların sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artıb. Burun-qulaq-boğaz əməliyyatları 8 faiz, cərrahiyyə əməliyyatları 19,2 faiz, ginekoloji əməliyyatlar 6, 8 faiz artıb. Qeysəriyyə əməliyyatlarının sayı isə ötən illə müqayisədə 8 faiz azalıb.

Bakı Sağlamlıq Mərkəzinin direktor müavini, respublikanın baş cərrahı Hacıqulu Bağırov isə bildirib ki, Azərbaycanda icra olunan 180 min cərrahiyyə əməliyyatının yalnız 0,2 faizi ölümlə nəticələnir. Bu, inkişaf etmiş Avropa ölkələri ilə eyni göstəricidir. O, ölkəmizdə bütün növ cərrahiyyə əməliyyatların icra olunduğunu, əməliyyatların çoxunun Bakı Sağlamlıq Mərkəzində həyata keçirildiyini qeyd edib. Baş cərrah diqqətə çatdırıb ki, Bakı Sağlamlıq Mərkəzi lapаroskopiya əməliyyatlarının geniş çeşiddə həyata keçirildiyi tibb müəssisəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.