İDMAN
Bakı Şahmat Olimpiadasında V tura start verilib [YENİLƏNİB] VİDEO
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V tura start verilib.
Beşinci turda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşır. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə üz-üzə gəlir.
Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya millisidir. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkir.
Yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.
Xatırladaq ki, Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.
Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höcətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.
11:09
Bakı, 6 sentyabr, AZƏRTAC
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, beşinci turda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq. Dörd turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə qarşılaşacaq. Daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə üçüncü millimizə qalib gəlib.
Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkəcək. Üçüncü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.
Azərbaycanın kişilərdən ibarət əsas komandası 8 xalla Çin, Hollandiya, Hindistan, Belarus və Ukrayna ilə birgə 1-6-cı yerləri bölüşür. “Azərbaycan-2” komandası 27-ci, “Azərbaycan-3” isə 71-ci pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 11-ci, “Azərbaycan-2” 34-cü, “Azərbaycan-3” isə 39-cu pillədə qərarlaşıb. Qadınların mübarizəsində Ukrayna, Serbiya, Rusiya və Qazaxıstan 8 xalla 1-4-cü yerləri bölüşür.