İDMAN


Bakı Şahmat Olimpiadasının səkkizinci turuna yekun vurulub [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət əsas yığma komandası Latviya millisi üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. İkinci yığmamız Finlandiyanı (3:1), üçüncü millimiz isə Dominikan Respublikasını (2,5:1,5) məğlub edib.

Olimpiadanın favoritləri olan komandaların qarşılaşmalarında da maraqlı nəticələr qeydə alınıb: Rusiya-ABŞ – 2:2, Ukrayna-Gürcüstan - 3:1, İngiltərə-Hindistan – 1,5:2,5, Çin-Macarıstan – 1,5:2,5, Polşa-Çexiya – 1,5:2,5, Hollandiya-Kuba – 2,5:1,5, Fransa-Almaniya – 3:1.

Səkkiz turdan sonra hesabında 13 xal olan əsas komandamız turnir cədvəlində beşinci sırada qərarlaşıb. İkinci yığmamız 11 xalla 19-cu, üçüncü komandamız isə 8 xalla 76-cı pillədədir. Turnir cədvəlinə hər birinin hesabında 14 xal olan ABŞ, Hindistan və Ukrayna komandaları başçılıq edirlər. Azərbaycanın əsas komandası ilə eyni xal toplayan Rusiya dördüncü, Norveç isə altıncı pillədədir.

Azərbaycanın qadınlardan ibarət əsas millisi isə səkkizinci turda güclü Çin yığmasına 0,5:3,5 hesabı ilə məğlub olub. İkinci komandamız Sinqapur millisi üzərində qələbə qazanıb – 3:1. Üçüncü komandamız isə Peru yığmasının müqavimətini qıra bilməyib – 2:2.

Azərbaycanın əsas komandası 12 xalla 10-cu pillədədir. On bir xal toplayan ikinci komandamız 18-ci, üçüncü yığmamız isə 10 xalla 28-ci sıradadır.

Səkkizinci turda kişilərin mübarizəsində olduğu kimi, qadınların yarışında da Rusiya-ABŞ görüşü keçirilib. Görüş amerikalı şahmatçıların 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Ukrayna-Macarıstan və Almaniya-Monqolustan qarşılaşmalarında qalib müəyyənləşməyib - 2:2. Digər iddialı komandalardan isə Polşa yığması Hollandiyanı (2,5:1,5), Hindistan şahmatçıları Özbəkistanı (2:5:1,5), Gürcüstan millisi Argentinanı (3:1), Bolqarıstan komandası isə Ekvadoru (2,5:1,5) məğlub edib.

Qadınların yarışında Çin və ABŞ şahmatçıları 14 xalla birinci və ikinci yerləri bölüşdürürlər. Aktivlərində 13 xal olan Polşa və İsrail 3-4-cü yerlərdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.