İQTİSADİYYAT
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsinin genişləndirilməsi işləri davam etdirilir
Bakı, 8 iyul, AZƏRTAC
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsinin 4 zolaqlı olması üçün əlavə 2 zolağın tikintisi işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a "Azəryolservis" ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, yolun 15-45-ci kilometrlik hissəsində 2 zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işlərinin təqribən 65 faizi, asfalt-beton örtüyünün döşənməsi işlərinin isə 96 faizi icra olunub. Layihəyə əsasən sözügedən ərazidə 1 yerüstü piyada keçidi, 3 alt keçidi inşa olunur. Bundan başqa 6 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü isə artıq tikilib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 45-67-ci kilometrliyində də 2 zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işləri tərtib olunmuş cədvələ uyğun davam etdirilir. İndiyədək ərazidə ümumi qazma işlərinin 94 faizi, torpaq işlərinin 93 faizi icra edilib. Layihəyə əsasən 1-ci dərəcəli texniki yol üzərində 1 körpü, 1 yol qovşağı, 1 yerüstü piyada, 2 alt keçidi inşa olunur. Bundan əlavə 10 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü tikilib. Hazırda yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri həyata keçirilir. Artıq ümumi asfaltlanma işlərinin 30 faizi görülüb.
Yolun 67-91-ci kilometrlik hissəsində də tikinti işləri sürətlə davam etdirilir. Yolun bu hissəsində 1 körpü, 3 yol qovşağı, 5 yerüstü piyada keçidi və 2 alt keçidi inşa edilir. Hazırda yolun ayrı-ayrı hissələrində asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsində kommunikasiya xətlərinin köçürülməsi işləri tam olaraq başa çatdırılıb. Bundan başqa yolun genişləndirilməsi işləri çərçivəsində zəruri yerlərdə işıqlandırma sistemləri qurulacaq, sərnişinlərin rahatlığı üçün avtobus dayanacaqları tikiləcək.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsi istifadəyə verilərkən yol 4 hərəkət zolaqlı olacaq. Beynəlxalq standartlara cavab verəcək yeni yolda nəqliyyatın rahat hərəkəti tam təmin ediləcək.