İQTİSADİYYAT


Bakı-Şamaxı yolunun yenidən qurulması işləri davam edir VİDEO

Bakı, 9 fevral, AZƏRTAC

“Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-91-ci kilometrlik hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi “Azəravtoyol” ASC tərəfindən davam etdirilir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, yol yatağının eni 27,5 metr, yolun hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni 5 metr və hər iki istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir. Ümumilikdə, yol örtüyünün əsası 29 santimetr təşkil edəcək.

Qeyd olunub ki, yolun 44,6-67,5-ci kilometrlik (22.9 km) hissəsi ( Cəngi-Qobustan) üzrə yenidənqurma işləri artıq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb.

Layihə çərçivəsində yolboyu 42 ədəd dairəvi boru, 6 düzbucaqlı su keçidi və 8 yeraltı keçid inşa olunub. Bundan başqa, yolun 56-cı kilometrində, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub. Metal konstruksiyalı keçidin uzunluğu 31 metr, eni isə 2,7 metrdir. Yolun 62,9-cu kilometrində, Ceyrankeçməz çayı üzərində 47,5 metr uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geridönmə hissəsinin tikintisi də başa çatdırılıb.

Layihənin 13,3-15,1-ci kilometrlik (1,9 km) hissəsində yerinə yetirilən iş həcmi 19 faiz təşkil edir. Burada tikinti işlərinə 2016-cı ilin avqust ayında başlanılıb.

Məlumata əsasən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 4,5 metr enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yolötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilir.

Bundan başqa, su keçidi və metal konstruksiyalı 2 yerüstü piyada keçidi inşa edilir. Həmçinin piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iki istiqamət üzrə 1,5 metr enində səkilərin də tikintisi nəzərdə tutulub.

Layihənin 15,1-44,6-cı kilometrlik (29,6 km) hissəsində ( Müşfiqabad-Cəngi) tikinti işlərinə 2011-ci ilin avqust ayından başlanılıb. Bu günə qədər yerinə yetirilmiş iş həcmi 68 faiz təşkil edir. Layihə üzrə bu hissədə 35 ədəd dairəvi borunun, 9 ədəd düzbucaqlı su keçidinin, 4 ədəd alt keçidin, 5 ədəd geridönmə hissələrin, 26 ədəd drenaj boruların və Pirəkəşkül qəsəbəsi ərazisində metal konstruksiyadan ibarət 1 yerüstü piyada keçidinin tikintisi işləri aparılmalıdır.

Hazırda bu hissədə mövcud yolun 15-22-ci kilometrində deformasiyaya uğrayan hissələrin yenidən qurulması və suötürücü boruların tikintisi işləri aparılır.

Layihənin 67,5-91,0 kilometrlik (23.5 km) hissəsində isə (Qobustan-Bədəlli) tikinti işlərinə 2013-cü ilin dekabr ayında başlanılıb və yerinə yetirilmiş işlərin həcmi 74 faizdir. Yolun 68.,4-cü kilometrində, Ceyrankeçməz çayı üzərində 2-ci avtomobil körpüsünün də inşası bitib. Körpünün uzunluğu 54,1 metr təşkil edir.

Layihə üzrə sözügedən hissədə 46 ədəd dairəvi borudan 17-i, 3 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa edilib. Hazırda torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfalt-beton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür. Sözügedən hissədə 5 yerüstü piyada keçidinin quraşdırılması nəzərdə tutulub. Hazırda keçidlərin tikintisi ilə əlaqədar işlərə başlanılıb. Magistral yolun 70-ci kilometrində sürüşməyə meyilli sahədə svay işləri, əsasın alt materiallarının sərilməsi və asfalt-beton işləri davam etdirilir.

Ümumilikdə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci kilometrlik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.

Bundan başqa, layihə üzrə 11 ədəd geridönməni təmin etmək üçün xüsusi hissə və Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü də var. Yaxın müddət ərzində isə yolun 91-107 kilometrlik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.