İDMAN
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Rusiyada beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 6 iyul, AZƏRTAC
Rusiyanın Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibətilə Moskva vilayətinin Domodedovo şəhərində “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Yol Hərəkəti Təhlükəsizliyi Dövlət İnspeksiyasının ən yaxşı yol-patrul xidməti əməkdaşı” adı uğrunda lX Ümumrusiya müsabiqəsi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə MDB-nin iştirakçısı olan ölkələrin aidiyyəti xidmətlərinin əməkdaşları ilə yanaşı, DİN-in Dövlət Yol Polisi xidmətinin nümayəndəsi də iştirak edib.
Yarışlar əsasən, xüsusi hazırlıq (yol hərəkəti qaydaları, yol hərəkətinin tənzimlənməsi, nizamlanması), texniki-kriminalistika (xüsusi və operativ-mexaniki vasitələr), tibbi hazırlıq (nəzəri hissə və yol-nəqliyyat hadisələri zamanı yaralılara ilkin tibbi yardım), atəş hazırlığı (silah hissələri və təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi, atəş hazırlığı normativlərin icrası, praktiki atıcılıq) və fiziki hazırlıq üzrə (güləş döyüş fəndləri, turnikdə dartınma, bir kilometr kross qaçma və digər sahələr) aparılıb.
Həmin sahələr üzrə yarışlarda iştirakçıların topladıqları ballara uyğun olaraq, qaliblər müəyyən edilib.
Yarışda Azərbaycanı təmsil edən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 8-ci taqımının inspektoru, polis baş serjantı Emil İbrahimov bütün yarışlar üzrə ən yüksək nəticə göstərərək turnirin qalibi olub. İkinci yerə Belarus, üçüncü sıraya isə Osetiya təmsilçisi layiq görülüb.
Turnirin sonunda qaliblərin mükafatlandırılması mərasimi olub. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmiş, istefada olan polis general-leytenantı Vladimir Fyodorov mükafatları qaliblərə təqdim edib.