İDMAN


Bakı Şəhər Halqası Akademiyası hər bir könüllünün fərdi inkişafında əvəzsiz rol oynayacaq

Bakı, 15 dekabr, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nəzdində yeni fəaliyyətə başlayan akademiya ilə bağlı şirkətin insan resursları şöbəsinin və yarışın Könüllülər Proqramının rəhbəri İranə Əhmədova AZƏRTAC üçün məxsusi məqalə hazırlayıb. Məqaləni təqdim edirik.

Böyük tədbirlərin uğurla həyata keçirilməsi üçün ilk növbədə sağlam təməl qoyulması vacibdir. Bu işlər yalnız peşəkarların sayəsində uğurla reallaşdırıla bilər. BŞH olaraq bizim üçün ən prioritet məsələ işçilərimizin və könüllülərimizin peşəkarlıq baxımından yarışın təşkilatçılıq işlərinə tam hazırlığıdır. Məhz buna görə də əməliyyat şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsi 2017-ci il mövsümündə keçiriləcək Azərbaycan Qran-prisində fəaliyyət göstərəcək işçi və könüllü heyətinin hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşır. Yeni mövsümə hazırlıq işlərini ən yüksək səviyyəyə çatdırmaq üçün 2016-cı ildə Formula-1 könüllülərinin hazırlanması prosesində əldə etdiyimiz təcrübədən yararlanaraq akademiya qurmaq qərarına gəldik.

Yeni qurduğumuz Bakı Şəhər Halqası Akademiyasının qarşısına qoyulan əsas vəzifə Formula-1 yarışının ən yüksək səviyyədə keçirilməsinə nail olmaqdır. Əminik ki, BŞH Akademiyası işçilərin və könüllülərin yarışlara peşəkar hazırlığının daha da gücləndirilməsində əvəzsiz rol oynayacaq.

BŞH-da müxtəlif şöbələr var və hər birində gənclərdən ibarət peşəkar komandalar fəaliyyət göstərir. Bu vəzifələri icra edəcək şəxslərin peşəkar hazırlığını tam təmin etmək üçün akademiyada bir neçə istiqamətdə təlim proqramı tərtib olunub. Yüksək peşəkarlığa malik təlimçilər tərəfindən müxtəlif istiqamətlər üzrə keçiriləcək bu təlimlərdə işçilərin və könüllülərin şəxsi inkişafının, iştirakçıların peşəkar vərdişlərinin daha da yüksəldilməsinin və komanda işinin gücləndirilməsinin təmin olunması qarşıya əsas məqsəd kimi qoyulub.

Bununla yanaşı, biz könüllülərimizin böyük hissəsinin gənclərdən ibarət olduğunu nəzərə alaraq onlara lazımı dəstək verməyə çalışırıq. Hesab edirik ki, gənc könüllülər üçün təşkil edəcəyimiz müxtəlif təlimlər onların gələcək inkişafında əvəzsiz rol oynayacaq. Gələcəkdə uğurlu fəaliyyətləri ilə Azərbaycana layiqincə xidmət edəcək gəncləri yetişdirməklə biz həm də, ölkəmizdə aparılan gənclər siyasətində yaxından iştirak etməyə çalışırıq.

Ötən yay 5 min könüllünün iştirakı ilə Avropa Qran-prisi möhtəşəm şəkildə təşkil edildi. Formula-1 yarışının Azərbaycanda ilk dəfə keçirilməsini nəzərə alaraq, maksimum könüllülər cəlb etməklə bu işi uğurla başa vurduq. Qeyd etmək istərdim ki, könüllülərimizin böyük əksəriyyəti azərbaycanlı gənclərdən ibarət idi və bu da ölkəmizdə olan könüllülük mədəniyyətinin yüksək səviyyədə inkişafının göstəricisidir.

Ötən ilki təcrübədən çıxış edərək, 2017-ci ildə keçiriləcək Azərbaycan Qran-prisinə 3 min könüllünün cəlb olunması qərara alınıb. Artıq müəyyən sahələrdə çalışacaq könüllülərin sayı dəqiq müəyyənləşib. Bu mövsümdə biz könüllülərimizin fərdi inkişafına daha ciddi diqqət yetirəcəyik.

Könüllülərin dil biliklərinin artırılması, qarşılaşa biləcəkləri çətinliklərə əvvəlcədən tam hazır olmaları və işgüzar fəaliyyətlərində yüksək peşəkarlığın təmin olunması qarşıya qoyduğumuz ən vacib məsələlərdəndir. Qeydiyyatın yenicə elan edilməsinə baxmayaraq, qısa müddətdə 4 mindən çox gənc könüllü olmaq istəyini bildirib. Qeydiyyat hazırda da davam edir. Bu, müəyyən mənada bizim məsuliyyətimizi daha da artırır. Peşəkar işçi qüvvəsi komandası olaraq qarşımızda duran məsələ yaxşıların ən yaxşısını seçmək və onları peşəkar işçi səviyyəsinə çatdırmaqdır.

Xüsusilə qeyd etmək istərdim ki, könüllülərimiz arasında 30 yaşdan yuxarı olan şəxslər də var və biz fəaliyyətimizin qurulmasında bu yaş qrupundan olanları da nəzərə almışıq. Akademiyada keçiriləcək təlimlər onları da maraqlandıracaq. Bir sözlə, komandamızın peşəkarlığının yüksəldilməsi istiqamətində var gücümüzlə çalışacağıq.

Formula-1 dünya miqyaslı yarışlardır. Bu yarışları canlı izləmək üçün dünyanın hər yerindən ev sahibi ölkəyə çox sayda qonaqlar gəlirlər. Könüllülər xaricdən gələn qonaqların qarşılanmasında ölkəmizin ən öndə olan təmsilçiləri kimi çıxış edirlər. Əcnəbi qonaqlarla düzgün ünsiyyətin qurulması və onlara dəqiq məlumatların verilməsi könüllülərin üzərinə düşən əsas vəzifələrdəndir. Bu məqsədlə biz akademiya daxilində könüllülər üçün danışıq klubları təşkil etməyi planlaşdırırıq. Müxtəlif mövzuları əhatə edəcək klublarda könüllülər qonaqlarla düzgün ünsiyyət qurmaq, yarışlar zamanı onlara olan müraciətləri yerində və operativ qaydada həll etmək istiqamətində praktiki bilik və vərdişlər qazanacaqlar.

Ümidvarıq ki, yeni yaradılmış akademiya uğurlu başlanğıcın təməli olacaq və biz birlikdə daha böyük hədəflərə nail olacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.