CƏMİYYƏT
Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə verdiyi açıqlamada bəzi məqamlar (Abşeron yarımadasında Ələt qəsəbəsi ərazisində ikinci sərnişin hava limanının tikilməsi, Xırdalan şəhərində metropolitenin yeni stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi və s.) reallıqdan uzaqdır və tam əsassızdır. Bu layihələr heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmayıb, lazımi ekspertizadan keçirilməyib və ölkə rəhbərliyinə məruzə edilməyib.
Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti bəyan edir ki, təqdim edilən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz.