MƏDƏNİYYƏT
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yeni layihəsi
Bakı, 14 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə Milli Kino Günləri keçirilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, iyunun 14-də Nizami Kino Mərkəzində Milli Kino günü layihəsinə start verilib.
Tədbirdə idarənin rəisi Vuqar Zeynalov çıxış edərək bu cür layihələrin keçirilməsində əsas məqsədin milli filmləri daha geniş tamaşaçıya təqdim etmək, son illərdə çəkilmiş, cəmiyyətin sosial həyatını əks etdirən, vətənpərvərlik ruhunda olan və milli qəhrəmanlarımızdan bəhs edən filmlərin təbliği olduğunu qeyd edib.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva nümayiş olunacaq filmlər haqqında geniş məlumat verib.
Layihənin açılışı 15 İyun - Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyindən ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədiyyətə gedən yol” adlı sənədli film nümayiş edilib. Daha sonra tamaşaçılar bir necə beynəlxalq mükafatlar qazanmış “Axınla aşağı” milli filminə baxıblar.
Qeyd edək ki, bir ay davam edəcək layihə çərçivəsində Nizami Kino Mərkəzində həftədə 3 dəfə təmənnasız olaraq tamaşaçılara “Dərs”, “İçərişəhər”, “Qatil”, “Xeyr və Şərin rəqsi”, “Nabat”, “Yarımçıq xatirələr” və digər milli filmlər təqdim olunacaq. Filmlərin seanslarının saatlarını kinoteatrın məlumat mərkəzindən və “Facebook” səhifəsindən öyrənmək olar.