MƏDƏNİYYƏT
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni layihəsi
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni layihəsinə əsasən yaradılmış Sabunçu rayonu asudə vaxt mərkəzinin açılışı olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Mehriban Bayramova tədbir iştirakçılarını qurumda fəaliyyət göstərəcək dərnək və kurs otaqları ilə tanış edib.
Mərkəzin fəaliyyətinin məqsədi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramını uğurla həyata keçirmək, bilikli, peşəkar, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaq, əhalinin mədəniyyət, təhsil, səhiyyə, sosial sahələrdə maraqlarını təmin etməkdən ibarətdir.
Mərkəzin gənclərin asudə vaxtının səmərəli təşkil olunması, dərnək və kursların yaradılması, yeniyetmələrin bilik və bacarıqlarının inkişafı, elmə həvəsləndirilməsi, həmçinin hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşdırılması kimi fəaliyyət növləri mövcuddur.
Qeyd edək ki, yaxın zamanlarda növbəti asudə vaxt mərkəzinin Yasamal rayonunda və il ərzində Bakının digər rayonlarında yaradılması nəzərdə tutulub. Rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqlarının - musiqi məktəbi, kitabxana, mədəniyyət evi və klubların vahid koordinasiya mərkəzinə çevriləcək bu mədəniyyət ocağı əhalinin bütün təbəqələrinin maraq dairəsini əhatə edir.