CƏMİYYƏT


Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov 2016-cı ildə Prezident İlham Əliyevin yürütdüyü müdrik dövlətçilik siyasəti çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, qeyri-neft sektorunun və bütövlükdə regionların tarazlı inkişafının sürətləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdiyimiz ötən il respublikamız üçün yeni sosial-iqtisadi islahatların həyata keçirilməsi, ordumuzun şanlı zəfərləri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi, idmançılarımızın “Rio-2016” Yay Olimpiya Oyunlarında möhtəşəm qələbələr qazanması ilə yadda qalıb. Ötən il, eyni zamanda, Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş mühüm ictimai-siyasi tədbir - ümumxalq səsverməsi (referendum) ilə əlamətdar olub.

Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə edib.

Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib. Bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4903 cinayət işinin istintaqı tamamlanıb.

Paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib. Həmçinin bu kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub. Bütün bunlar respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib.

Nərimanov rayonunda Janna və oğlu Aleksandr Məhərrəmovların, Nəsimi rayonunda Məryəm Namedzadənin, Yasamal rayonunda Kamran Mahmudovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri, o cümlədən ötən illərdən itkin düşmüş Elnur Hümbətovun Xəzər rayonunda qəsdən öldürülməsi cinayətlərinin açılması təmin edilərək, təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılıb. İl ərzində xüsusən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, paytaxtda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, həmin hadisələr nəticəsində ölənlərin sayı, eyni zamanda, bağlı qalmış cinayətlərin sayı ildən-ilə azalıb. Müşavirədə, həmçinin bu sahədə mövcud çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkarlanıb aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.

Prezident İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq onlara əməl edilməsi hər bir əməkdaşdan ciddi tələb edilib. Məlumat verilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanlarına 15 min 542 müraciət daxil olub. Həmin müraciətlərdən 3161-nə baxılaraq həll edilib, о cümlədən 1482 müraciət təmin edilib, şəhər prokurorluğunda isə ümumilikdə 2576 vətəndaş qəbul edilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb. Ötən il ərzində qəsdən adam öldürmə, quldurluq cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, iki qəsdən adamöldürmə, doqquz quldurluq cinayətləri, üç ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmaması narahatçılıq hissi ilə qeyd edilib. Həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkarlanan nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilərək təhlil olunub, onların aradan qaldırılması tələb edilib.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Bildirilib ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan beş əməkdaş prokurorluq orqanlarından xaric edilib, bir nəfər isə vəzifədən azad olunub.

Müşavirədə Bakı şəhər prokurorunun müavini Azər Əsgərov hesabat dövründə prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, şəhər prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi Ceyhun Qurbanov müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elçin Sultanov şəhər polis orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq və təhqiqat işinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış edərək ətraflı məlumat veriblər.

Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.