İQTİSADİYYAT
Bakı Sərnişin Dəmiryolu Vağzalının təmir işləri aparılan binası biznes mərkəzinə çevriləcək
Bakı, 7 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bakı Sərnişin Dəmiryolu Vağzalının təmir işləri aparılan binası biznes mərkəz kimi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib ki, Bakı Sərnişin Dəmiryolu Vağzalında artıq bilet satışı həyata keçirilməyəcək. Bilet satışı vağzalın birinci mərtəbəsində “ASAN Xidmət” tərəfindən icra olunacaq. İkinci mərtəbədə isə “ASAN Kommunal” mərkəzi yerləşəcək.
“İkinci mərtəbədə, həmçinin brend mağazalar üçün yer ayrılacaq. Bunun üçün tender elan edəcəyik. Bakı Sərnişin Dəmiryolu Vağzalında mağaza açmaq istəyən şəxslər tender komissiyasına müraciət etməli olacaqlar. Bundan əlavə, vağzalda əvvəlki kimi “dəmiryolu” çörəyi, “dəmiryolu” kökələri kimi xoş ənənələr yenidən bərpa ediləcək”, - deyə C.Qurbanov bildirib.
Qeyd edək ki, Bakı Sərnişin Dəmiryolu Vağzalında aparılan təmir işlərinin bu ilin dekabrında yekunlaşması planlaşdırılır.