ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti ilə Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası arasında əməkdaşlığa dair saziş imzalanıb
Bakı, 7 iyul, AZƏRTAC
Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə Bakı Slavyan Universiteti (BSU) arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəddə birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin – konfrans, seminar, simpozium və kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşri, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təmin olunması, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Volqoqrad filialının direktoru İqor Tyumençevin başçılıq etdiyi nümayəndə heyəti BSU-da olub.
Görüşdə BSU-nun rektoru, professor Asif Hacıyev qonaqlara universitetin yaranma tarixi, fəaliyyəti, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən mərkəzlər, fakültə və ixtisaslar, bu istiqamətdə kadr hazırlığı haqqında məlumat verib. Bildirilib ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssislər hazırlanır, rusistikaya aid fundamental elmi tədqiqatlar aparılır.
BSU-nun Azərbaycanda rus dili və ədəbiyyatı üzrə tədris və elmi araşdırmaların mərkəzi olduğunu deyən A.Hacıyev “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının fəaliyyətindən danışıb. İki yüz ildən çox İsmayıllı rayonunun İvanovka kəndində kompakt şəkildə yaşayan molokan icması barədə söhbət açan rektor qeyd edib ki, onlar bu gün də öz mədəniyyət və adətlərini, kolorit və folklorlarını qoruyub saxlayıblar. BSU-nun müəllim və tələbələri mütəmadi İvanovka kəndində folklor təcrübəsində olur, toplanmış folklor nümunələri kitab halında çapa hazırlanır.
Görüşdə Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq barədə saziş imzalanıb.
BSU-nun yüksək səviyyədə inkişafından razı qalan qonaqlar müqavilənin hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıblar.
Sonra qonaqlar universitetdə fəaliyyət göstərən slavyan dil və mədəniyyət mərkəzlərində olublar. Moskva meriyasının dəstəyi ilə yaradılan Moskva Mərkəzi və rus dilində ədəbiyyatdan ibarət geniş kitabxana qonaqların böyük marağına səbəb olub.