ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti ilə Ukraynanın ali təhsil ocaqları arasında əlaqələr genişlənir
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Ukraynanın təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunesin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, qonaqlarla keçirilən görüşdə universitetin rektoru Nurlana Əliyeva rəhbərlik etdiyi ali məktəbin Ukraynanın ali təhsil müəssisələri ilə əlaqələrinin tarixindən və bugünkü vəziyyətindən danışıb. Vurğulanıb ki, universitetdə hazırda 11 ölkəyə aid tədris və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onlardan ilk yaradılanı Ukrayna Tədris və Mədəniyyət Mərkəzidir. BSU-nun Ukraynanın ali təhsil ocaqları ilə münasibətlərinin əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdıran rektor deyib: “Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində, Taras Şevçenko adına Kiyev Milli Linqivistik Universitetində Azərbaycan mərkəzləri fəaliyyət göstərir. Tez –tez universitetlərimiz arasında telekörpü keçirilir, təcrübə mübadiləsi aparılır”.
N.Əliyeva bildirib ki, Ukraynanın rəsmilərinin müxtəlif dövrlərdə universitetdə olması, onların tələbə və müəllimlərlə görüşləri tədris prosesinə müsbət təsir edir, ölkələrimiz arasındakı əlaqələrin inkişafında önəmli rol oynayır. Belə ki, bu yaxınlarda BSU-da ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi ilə bağlı keçirilən tədbirdə Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçi iştirak edib. Bu da Ukrayna dövlətinin Azərbaycana olan xüsusi diqqətinin parlaq nümunəsidir.
Ukraynada təhsil sahəsində həyata keçirilən islahatlardan danışan V.Kovtunes ölkəsinin Azərbaycan ilə elm və təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində nəzərdə tutulan planlardan danışıb. O, həmçinin Azərbaycan ilə Ukrayna arasında tələbə mübadiləsi, müəllimlərin uzunmüddətli ezamiyyətləri məsələsinə toxunub.
Görüşdə universitetin prorektoru, professor Rafiq Novruzov BSU və Ukraynanın ali məktəbləri tərəfindən birgə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.