ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində “19 may - Atatürkü anma, gənclik və idman bayramı” keçirilib

Bakı, 16 may, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Türkiyə araşdırmaları tədris və mədəniyyət mərkəzinin təşkilatçılığı ilə “19 may-Atatürkü anma, gənclik və idman bayramı” qeyd olunub.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Bayram barədə məlumat verən Yunis Əmrə İnstitutunun (YƏİ) Bakı ofisinin müəllimi Fatma Büşra vurğulayıb ki, Osmanlı imperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra Türkiyə ərazisinin böyük hissəsi işğal edilib. Mustafa Kamal Atatürk bu işğalı qəbul etməyərək 1919-cu il mayın 19-da Samsun şəhərində milli azadlıq hərəkatına başlayıb. Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən təmizlənib. Onun Samsuna çatma tarixi olan 19 may özünün istəyi ilə hər il gənclik və idman bayramı kimi qeyd edilib. 1981-ci ildən etibarən bu bayrama “Atatürkü anma” günü də əlavə olunub.

BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Natiq Abdullayev Türkiyədə təhsil aldığı illərdə Mustafa Kamal Atatürklə bağlı keçirilən tədbirlər barədə xatirələrini bölüşüb. O, bu tarixin Türkiyənin şanlı səhifələrindən olduğunu qeyd edib, türk gəncliyini öz tarixini unutmamağa çağırıb.

Sonra BSU nəzdində Məktəb Lisey Kompleksin şagirdi Firuzə Qasımzadə, Bakı Türk Anadolu Liseyinin şagirdi Fərhad Teymurov Mustafa Kamal Atatürkə həsr olunmuş şeirlər səsləndiriblər. BSU-nun tələbələri Mustafa Kamal Atatürkün gəncliyə xitabını və gəncliyin ona cavabını oxuyublar.

BSU-nun tərbiyə işləri üzrə prorektor Xanım Sultanova bu əlamətdar günün “Bir millət, iki dövlət” sayılan Azərbaycan və Türkiyə üçün ortaq bayram olduğunu qeyd edib. Türk soyunun müqəddəs adət-ənənələrə sahib olduğunu bildirən X.Sultanova deyib ki, türkün ayaq basdığı yer Vətəndir.

YƏİ-nin Bakı ofisinin təhsil üzrə əlaqələndiricisi Ali İhsan Çevik təmsil etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, burada təşkil edilən kurslar və imtahanlar barədə ətraflı məlumat verib.

Sonda YƏİ-nin fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.