ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində 880 tələbə məzun olub
Bakı, 30 iyun, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “Məzun günü” keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov məzun adı qazanan magistr və tələbələri, onların valideynlərini və müəllimləri BSU-nun rektoru, professor Nurlana Əliyevanın adından təbrik edib. Prorektor bildirib ki, universitetin bakalavriat səviyyəsində əyani təhsil alan 695, qiyabi təhsil alan 97 tələbəsi və 88 magistrantı məzun olub.
Digər çıxış edənlər də məzunları təbrik edib, müvəffəqiyyətlər arzulayıblar.
Sonra dörd ildə təhsildə yüksək nailiyyətlər qazanan və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri məzun” diplomu və xatirə hədiyyələri təqdim edilib.
Tədbir tələbələrin bədii özfəaliyyət dərnəyinin hazırladığı musiqi proqramı ilə davam edib.