ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Belarusun “Ana günü” bayramı qeyd edilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Belarusda hər il oktyabrın 14-ü “Ana günü” bayramı dövlət səviyyəsində keçirilir. Bu bayram münasibətilə Bakı Slavyan Universitetinin (BSU) Belarus Dili və Mədəniyyəti Mərkəzində tədbir təşkil olunub.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova, Belarusun Azərbaycandaki səfirinin xanımı Dina Vasilyevna və digər qonaqlar iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan-Belarus əlaqələrinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Belarusda qeyd olunan “Ana günü” bayramı çox maraqlı və əhəmiyyətli bayramdır. Bu diqqət analara göstərilən qayğının təzahürüdür.
Belarus Dili və Mədəniyyəti Mərkəzinin direktoru Albina Seyidova mərkəzin fəaliyyəti barədə məlumat verib, Belarus prezidenti Aleksandr Lukaşenkonun bu mərkəzdə olduğunu xatırladıb.
D.Vasilyevna BSU-da Belarus Dili və Mədəniyyəti Mərkəzinin təşkili və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Sonra tələbələr Belarus milli rəqslərini, mahnılarını ifa ediblər.