ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü qeyd olunub

Bakı, 6 iyun, Xatirə Cəfərova, AZƏRTAC

İyunun 6-da Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü qeyd olunub. Tədbir çərçivəsində Azərbaycanın orta təhsil müəssisələrinin şagirdləri arasında Rus Dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasına və “A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Tədbir “Olimpiada-2017” filminin nümayişi ilə başlanıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qarşılıqlı etimad olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda rus dilinə məhəbbətin tarixi köklərindən danışıb, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini xatırladıb. V.Doroxin Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin yaxınlaşması sahəsindəki xidmətlərindən danışıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva rus dili və ədəbiyyatı üzrə olimpiadanın şagirdlərin bilik bazasının zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.

Universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Rusiya arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə nəzər salıb. Rektor uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. O, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirdiyini və Rusiya Federasiyası ilə dostluq münasibətlərini daha da inkişaf etdirdiyini diqqətə çatdırıb.

Rektor Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə Bakı Slavyan Universitetinin xüsusi rol oynadığını qeyd edib. O bu gün keçirilən tədbirin də iki ölkə arasındakı qarşılıqlı hörmət və ehtiramın nümunəsi olduğunu nəzərə çatdırıb.

N.Əliyeva BSU-da hazırda Rusiya ilə bağlı iki mədəniyyət və təhsil ocağının – Sankt-Peterburq və Moskva mərkəzlərinin fəaliyyət göstərdiyini, həmin şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda multikultural dəyərlərə xüsusi önəm verildiyini, dini tolerantlığın hakim olduğunu qeyd edib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin ulu öndər Heydər Əliyev prinsipləri əsasında qurulduğunu və bu gün daha da inkişaf etdiyini bildirib.

Sonra olimpiada qaliblərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, bu il ölkənin müxtəlif regionlarını təmsil edən 50 ümumtəhsil məktəbinin 2500-dən artıq yeddinci və səkkizinci sinif şagirdi yarışmalarda biliyini sınayıb. Naxçıvan şəhərindən Heydər Əliyev adına hərbi məktəbin kursantları da bu il ilk dəfə olimpiadaya qatılıblar.

IX Respublika Olimpiadasının təşkilatçıları Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, “Rossotrudnçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimlər Assosiasiyası olub.

Hər il rus dili və ədəbiyyatı üzrə olimpiada çərçivəsində “Gənc natiq” müsabiqəsi də keçirilir. Budəfəki müsabiqənin qalibləri müxtəlif mükafatlara layiq görülüblər.

Olimpiadanın təşkilində fəal iştirak edən direktor və müəllimlərə hədiyyələr verilib.

Bakı şəhər məktəblərinin 400-dən çox şagirdi isə “A.S.Puşkin iki yüzilliyin aynasında” devizi altında keçən 19-cu Puşkin bayramının qalibi olub.

Tədbir musiqi proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.