ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Bilik günü qeyd edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) yeni tədris ilinin başlanması və Bilik gününə həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva universitetin müəllim və tələbələrini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Hadi Rəcəbli, Məlahət İbrahimqızı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Bilik günü münasibətilə tələbələri təbrik edib, müvəffəqiyyətlər arzulayıblar.
BSU-nun qocaman professorları Məmməd Qocayev və Qalina Udalıx universitetin tarixi ənənələrindən və beynəlxalq əlaqələrindən söhbət açıb, gəncləri ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşməyə səsləyiblər.
Universitetin tələbə gənclər təşkilatının sədri Xəyal Quluzadə ali məktəbdə aparılan əsaslı təmir-abadlıq işlərini yüksək dəyərləndirib, yaradılan şəraitə görə BSU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda N.Əliyeva 600–dən yuxarı bal toplamış gənclərə tələbə bileti və qiymət kitabçalarını təqdim edib.