ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Çanaqqala zəfərinin 100 illiyi xüsusi təntənə ilə qeyd edilib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Bakı Slavyan Universitetində (BSU) Çanaqqala zəfərinin 100–cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin rektoru, professor Asif Hacıyev həm Azərbaycan, həm də türk xalqının dostluq və qardaşlığının çox dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Rektor Çanaqqala zəfərini təkcə türk dünyasının deyil, bütün dünya xalqlarının tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib. Bu savaşda şəhid olmuş yüzlərlə azərbaycanlının müasir gəncliyimizə örnək olduğunu vurğulayıb.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat, səfirliyin əməkdaşı Mustafa Yalçın, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin baş katibi Selcuk Düzgün və bu qurumun rəhbərinin köməkçisi Musa Okumuş, Milli Ordunun ehtiyatda olan polkovniki Baxış Ələkbərov iştirak ediblər.
Sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən bəhs edən məruzələr dinlənilib. Çanaqqala zəfərinin türk tarixinin qəhrəmanlıq salnaməsi olduğu vurğulanıb.
Türk ordusunun döyüş tarixini əks etdirən videoçarx təqdim olunub.
Tədbir BSU-da təhsil alan azərbaycanlı və türkiyəli tələbələrin Çanaqqala zəfərinə həsr edilən konsert proqramı ilə başa çatıb.