ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində rus şairi M.Lermontov anılıb
Bakı, 13 mart, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) böyük rus şairi, dramaturq, rəssam Mixail Lermontova həsr olunmuş tədbir keçirilib.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə M.Lermontovun həyatını əks etdirən slayd nümayiş olunub. Sonra universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov rus şairinin bütün yaradıcılığı boyu Qafqaz xalqlarının folkloruna, o cümlədən Azərbaycan xalq ədəbiyyatına bəslədiyi dərin məhəbbətdən danışıb. T.Cəfərov vurğulayıb ki, gənc yaşlarından şifahi söz sənətini böyük diqqət və həvəslə öyrənən şairin “Aşıq Qərib” dastanını bəzi dəyişiklərlə yazıb götürməsi və Azərbaycan dilini səy ilə öyrənməyə çalışması onun Qafqaz xalqlarına olan sevgisini sübut edir.
Sankt-Peterburq Mərkəzinin dosenti İrina Qədimova çıxışında vurğulayıb ki, M.Lermontovun yaradıcı irsi təkcə Rusiyanın deyil, bütövlükdə dünya mədəniyyətinin tərkib hissəsidir. İ.Qədimova M.Lermontovun şair, yazıçı, dramaturq olmaqla bərabər, istedadlı rəssam olmasından da söz açıb.
Ümumi və rus dilçiliyi kafedrasının professoru Qalina Şipulina M.Lermontovun həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, cəmi 27 il ömür sürən Mixail Lermontov bu qısa dövrdə olduqca maraqlı əsərlərə imza atıb. Q.Şipulina dahi şairin Qafqaza sürgün edilməsinin onun yaradıcılığına ciddi təsir etdiyini bildirib. Qeyd edib ki, Qafqazın gözəllikləri onun ilham mənbəyidir.
Tədbirdə M.Lermontovun şeirlərinə bəstələnmiş mahnılar ifa edilib. Həmçinin BSU-nun tələbələri şairin məşhur şeirlərini səsləndiriblər.