CƏMİYYƏT
Bakı Slavyan Universitetinin bir qrup tələbəsi Azərbaycanın Bolqarıstandakı səfirliyində olub
Sofiya, 28 iyul, AZƏRTAC
Bakı Slavyan Universitetinin bir qrup tələbəsi Müqəddəs K.Oxridski adına Sofiya Universitetinin slavyanşünaslıq fakültəsi tərəfindən xarici tələbələr və müəllimlər üçün təşkil edilən bolqar dili və mədəniyyəti mövzusunda 54-cü yay məktəbində iştirak etmək məqsədilə Bolqarıstanda səfərdə olub. Yay məktəbinin məqsədi bolqarşünaslıq və slavyanşünaslıq ixtisası üzrə təhsil alan, araşdırma aparan tələbə, professor və tədqiqatçılara bolqar dili və ədəbiyyatı, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaratmaq olub. Proqram çərçivəsində azərbaycanlı tələbələr Bolqarıstanın bir neçə şəhərində olublar.
Azərbaycanın Bolqarıstandakı səfirliyində yay məktəbində iştirak edən azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə səfir Nərgiz Qurbanova səfirliyin fəaliyyəti, Bolqarıstan-Azərbaycan münasibətləri barədə məlumat verib. Bildirib ki, ötən ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə münasibətlər yeni müstəviyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz arasında bir neçə sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən səfir Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edildiyini və bu yardımın Fond tərəfindən Balkan regionu ölkələrində mədəni sahəyə qoyulan ən böyük sərmayə olduğunu vurğulayıb. İki ölkə arasında iqtisadi münasibətlərə toxunan səfir sentyabr ayında Bakıda Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Ticarət, İqtisadiyyat, Elm və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının təşkil olunacağını diqqətə çatdırıb. Diplomat cari il sentyabrın 29-30-da Bakıda keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda Bolqarıstandan yüksək vəzifəli nümayəndələrin iştirak edəcəyini söyləyib.
Sonda səfir N.Qurbanova tələbələri maraqlandıran sualları cavablandırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya