MƏDƏNİYYƏT
Bakı Şopinq Festivalı sahibkarları əməkdaşlığa dəvət edir
Bakı, 30 mart, AZƏRTAC
Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda iştirak etməkdə maraqlı olan biznes qurumlarının nümayəndələrini martın 31-də saat 12:00-da “JW Marriott Absheron Baku” otelində keçiriləcək təqdimata dəvət edir.
AKB-dən AZƏRTAC-a bildirilib ki, təqdimatın məqsədi özəl sektorun nümayəndələrini Bakı Şopinq Festivalı kimi əhəmiyyətli və uzunmüddətli layihədə iştirakın iqtisadi xeyirləri barədə məlumatlandırmaqdır.
Tədbirdə iştirakçılara festivalda iştirakın qayda və şərtləri haqda, həmçinin sahibkarlıq obyektlərin qeydiyyat prosesi barədə ətraflı məlumat veriləcək.
Otel restoran, mağaza və digər sahələr də daxil olmaqla pərakəndə satış və xidmət sahəsindən olan hər bir biznes qurumları tədbirdə iştirak edə bilər. Sahibkarlar, rəhbər işçilər, satış rəhbərləri və marketinq menecerlərin tədbirdə iştirakı arzuolunandır.
Tədbirdə iştirak etmək üçün (055) 241 41 08 və (055) 253 63 08 nömrələrinə və [email protected] email ünvanına müraciət etmək olar.
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il ilk dəfə aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək.