İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə 5 milyon ton yük və 1 milyon sərnişin daşınacaq

A+ A

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələn il başa çatacaq. Bu layihənin reallaşması Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verəcək və Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün ərzində mümkün olacaq. İlkin mərhələdə yeni dəmir yolu xətti üzrə il ərzində 5 milyon ton yük və 1 milyon sərnişin daşınması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Ümumiyyətlə, Azərbaycan Çinlə Avropa arasında olan yükdaşımaların Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə həyata keçirilməsinə xüsusi önəm verir.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Çinin Lyanyunqan vilayətindən yola düşən konteyner qatarı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə hərəkət edərək 15 gün ərzində İstanbula çatmışdır. Halbuki ənənəvi okean daşımaları vasitəsilə Çindən Türkiyə istiqamətindəki yükdaşımalara 25-30 gün sərf olunur.

Azərbaycan, həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında da aktiv fəaliyyət göstərən ölkələrdəndir. Məhz bu baxımdan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək istiqamətlərdən biri kimi ölkə ərazisindən tranzit yükdaşımaların həcmi artırılır. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması, tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi, iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2016-cı ilin 9 ayında ölkə ərazisindən 16 minə yaxın yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.