İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində mübadilə ediləcək məlumatlar müzakirə olunub VİDEO
Bakı, 3 aprel, Elvin Camalov, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində mübadilə ediləcək məlumatlar müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, müzakirələr aprelin 3-də Dünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələcək fəaliyyəti ilə bağlı üçtərəfli texniki görüş zamanı aparılıb.
İki gün davam edəcək görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi barədə məlumat verilib, dəmir yolu xətti ilə bağlı məlumat mübadiləsinin texniki şərtləri, sənədlərin müqayisə edilməsi, mübadilə ediləcək məlumatların müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin artıq tamamlanma ərəfəsində olduğu və tezliklə fəaliyyətə başlayacağı üçün gömrük sahəsindəki məsələlərin də həlli istiqamətində müvafiq işlərin görüldüyünü bildirib. Ş.Bağırov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti yük və sərnişindaşımada beynəlxalq əhəmiyyətli bir layihədir və regionun inkişafında mühüm rol oynayacaq.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük, nəqliyyat, dəmir yolları və sərhəd qurumlarının mütəxəssisləri iştirak edir.
Tədbirin gedişində həm də bu ilin mayın 2-3-də keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədin hazırlanması planlaşdırılır.