İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası keçirilmişdir VİDEO
Bakı, 24 fevral (AZƏRTAC, Ceyhun Rüstəmov). Bakıda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədovun, Gürcüstan tərəfdən Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin rəhbərliyi ilə keçirilən iclasda BTQ-nin Marabda-Kartsaxi hissəsinin inşası və yenidən qurulması, həmçinin beynəlxalq əhəmiyyətli bu layihənin tikintisi ilə bağlı mövcud işlərin gedişi və digər məsələlər ətraflı müzakirə edilmişdir.
İclasda layihənin icrası məqsədi ilə Gürcüstan Hökuməti tərəfindən borcalan qismində yaradılan “Marabda-Kartsaxi dəmir yolu” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2013-cü ildə gördüyü işlərə və perspektiv planlara dair fikir mübadiləsi aparılmış, qurumun 2014-cü il üçün büdcəsi müzakirə olunmuşdur.
Sonda tərəflər arasında protokol imzalanmışdır.