İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində aparılan son tamamlama işləri ilə tanışlıq
Tbilisi, 28 iyul, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində həyata keçirilmiş işlərlə yerində tanış olublar.
Dövlət rəsmiləri Gürcüstanın Tsalka rayonunda və Cavaxetiya bölgəsinin Ninotsminda və Axalkalaki rayonlarında dəmir yoluna baxış keçiriblər. Dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Karsaxi stansiyalarında tikinti-quraşdırma və son tamamlama işləri ilə maraqlanıblar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini və səfir, həmçinin Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə yaxından tanış olublar.
Məlumat verilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi cari ilin sentyabr ayında istismara tam hazır olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi