İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars istifadəyə verildikdən sonra gömrük qaydalarının müəyyənləşdirilməsi müzakirə edilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və yaxın müddət ərzində istifadəyə veriləcəyi nəzərə alınaraq, gömrük orqanlarının üzərinə düşən məsələlərin həlli və gömrük qaydalarının qarşılıqlı şəkildə müəyyən edilməsi müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tbilisi şəhərində Azərbaycan Respublikasının gömrük orqanları və Gürcüstan Respublikasının aidiyyəti orqanlarının əməkdaşları arasında görüş keçirilib.

Gürcüstan tərəfinin dəvəti ilə bu ölkənin Maliyyə Nazirliyində təşkil olunan görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın maliyyə naziri Nodar Xaduri, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Vladimer Xundadze və digər məsul vəzifəli şəxslər iştirak ediblər.

Görüşdə əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və yaxın müddət ərzində istifadəyə veriləcəyi nəzərə alınaraq, gömrük orqanlarının üzərinə düşən məsələlərin həlli, gömrük qaydalarının qarşılıqlı şəkildə müəyyən edilməsi, qatarların və heyətin rəsmiləşdirilməsi üzrə lazım olan tədbirlərin əvvəlcədən planlaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi anına qədər hazırlıq işlərinin tamamlanması olub.

Eyni zamanda, görüşdə Azərbaycan və Gürcüstan arasındakı keçid məntəqələrində infrastruktur imkanlarının genişləndirilməsi, nəzərdə tutulan yeni infrastrukturun (Sadıxlı-Mtkvari gömrük postunun yaxınlığında avtomobil və sərnişinlərin keçidi üzrə yeni sərhəd-gömrük buraxılış məntəqəsi) yaradılması işinin təşkili barədə müzakirələr aparılıb.

Bununla yanaşı, tərəflər iki ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsi üzrə əldə olunmuş razılaşma əsasında işlərin texniki cəhətdən davam etdirilməsi və zəruri təşkilati işin tamamlanması, eləcə də iki ölkə arasında qarşılıqlı ticarət əlaqələri zamanı fitosanitar və digər sertifikatların mübadiləsi, bu mübadilənin elektron qaydada aparılması məsələləri üzrə işçi görüşlərin təşkilini müzakirə ediblər.

Görüşdə bu məsələlərin önəmi nəzərə alınaraq sözügedən sahədə müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.