İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars marşrutu üçün hazırlanan vaqonların icra vəziyyəti müzakirə olunub

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün “Stadler” şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr dekabrın 2-də “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler ilə görüş zamanı aparılıb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Görüş zamanı gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün “Stadler” şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. Onu da qeyd edək ki, həmin vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” tipli olmaqla dörd kateqoriyada istehsal olunur.

İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group” şirkətindən “Minsk Stadler” zavodunda istehsal olunan KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.