İQTİSADİYYAT


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin əmtəə nişanı və veb-saytı yenilənib

A+ A

Bakı, 3 oktyabr, Elvira Məmmədova, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) həyata keçirilən islahatlar çərçivəsində yeni əmtəə nişanını təqdim edib. Oktyabrın 3-dən etibarən BTRİB “Baktelecom” əmtəə nişanı ilə fəaliyyətini davam etdirəcək. Rebrendinq prosesi çərçivəsində yeni loqo da formalaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyində keçirilən təqdimat mərasimində BTRİB-in baş direktorunun kommersiya məsələləri üzrə müşaviri Ramil Muxtarzadə yeni loqo və veb-saytdakı xidmətlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, yeni loqo Morze əlifbası ilə “1881 BTC” simvollarını ehtiva edir. Loqodakı 1881 rəqəmi Azərbaycanda ilk telefon xəttinin istismara verilməsi tarixinə işarədir, “BTC” isə “baktelecom” sözünün qısaldılmış formasıdır. Morze əlifbasından rabitə tarixində ilk ünsiyyət vasitəsi kimi istifadə olunub.

Eyni zamanda, BTRİB bu gündən etibarən yeni veb-saytı – www.baktelecom.az istifadəçilərin ixtiyarına verib. 

Müasir standartlara cavab verən yeni veb-sayta daxil edilmiş funksiyalar sayəsində istifadəçilər BTRİB-ə aid bütün xidmətlər haqqında ətraflı məlumat əldə edəcək, müəssisənin fəaliyyət dairəsinə aid olan xidmətlərdən onlayn şəkildə yararlanacaq və telekommunikasiya sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olacaqlar.

Saytdakı “Mənə zəng et” funksiyası vasitəsilə abunəçi Çağrı Mərkəzi ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və Mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilər.

“Şəxsi kabinet” bölməsi abunəçinin istifadə və ödəmə tarixçəsini özündə əks etdirməklə mövcud borcu göstərmək imkanına da malikdir.

Həmçinin “Onlayn ödənişlər” bölməsində istifadəçi məsafə qət etmədən BTRİB-in təqdim etdiyi xidmətlər üzrə ödənişlərini həyata keçirə bilər.

“Onlayn çat” bölməsində hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır.

Bundan başqa, yeni veb-sayt vasitəsilə BTRİB-in təklif etdiyi yeni və sərfəli kampaniyalar haqqında məlumatlar almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.