CƏMİYYƏT
Bakı Tibb Kollecində Cənubi Qafqazda ilk dəfə idman və müalicəvi masaj fakültəsi açılıb
AZƏRTAC xəbər verir ki, kollecin rəhbəri, tibb elmləri doktoru, professor Nəriman Mövsümov başçılıq etdiyi təhsil müəssisəsində Cənubi Qafqazda ilk dəfə olaraq gözdən əlillər üçün idman və müalicəvi masaj fakültəsi açıldığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC) səyləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası I və II qrup gözdən əlillər üçün idman və müalicəvi masaj ixtisası üzrə imtahan testləri təşkil edib. İmtahanları uğurla verən 12 əlil fakültənin ilk tələbələri olub. Ən gənc tələbə 20, ən yaşlı tələbə isə 58 yaşındadır.
AGƏC-in sədri Səmyar Abdullayev fakültənin yaradılmasına göstərdikləri dəstəyə görə Təhsil və Səhiyyə nazirliklərinin rəhbərlərinə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanda gözdən əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi sahəsində çoxlu sayda dövlət layihəsi həyata keçirilir.
Səmyar Abdullayev diqqətə çatdırıb ki, 2006-cı ildə BMT-nin İnkişaf Fondu və Heydər Əliyev Fondu arasında imzalanmış saziş çərçivəsində Azərbaycanda Fondun “Kor və zəif görən insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etmələrinin təmin olunması” layihəsi həyata keçirilib. Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə Yevlaxda fiziki imkanları məhdud olan insanlar üçün Regional İnformasiya Mərkəzi açılıb. Burada model İKT-siniflər yaradılıb, xaricdən gətirilən avadanlıq quraşdırılıb, habelə kitabxana və tədris mərkəzləri fəaliyyət göstərir.
S.Abdullayev onu da bildirib ki, AGƏC 1 nömrəli Tibb Kollecinə təmənnasız olaraq lazımlı dərs ləvazimatı və inventar, habelə 15 min manatlıq Brayl şrifti ilə çap olunmuş kitablar ayırıb.