ELM VƏ TƏHSİL
Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb
Bakı, 28 iyul, AZƏRTAC
Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2015/2016-cı tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2015-ci il avqustun 11-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) və ya Komissiyanın regional bölmələrinə təqdim etməlidirlər:
• Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiqləyən arayış;
• yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086)
• “Abituriyentin elektron ərizəsi” (aprelin 1-dən 30-dək elektron ərizəsini təsdiqləmiş abituriyentlər);
Qeyd edək ki, müsabiqə bu il iyulun 2-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.
Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.