CƏMİYYƏT


“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayıb

Bakı, 26 may, AZƏRTAC 

Mayın 26-da “Gülüstan” sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayıb. Ənənəvi olaraq ölkəmizdə reallaşdırılan beynəlxalq konqres ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilib. Ötən konqresdə tətbiq edilən yenilik bu dəfə də davam etdirilib. Belə ki, tədbir çərçivəsində xarici ölkələrdən dəvət olunmuş tanınmış professional ürək cərrahları tərəfindən ürək-damar cərrahiyyəsi sahəsində fəaliyyət göstərən bütün gənc mütəxəssislər üçün praktik məşğələlər keçirilib.

AZƏRTAC xəbər verir ki, konqresin ilk günündə təşkil edilən “Damar anastomozu” və “Mitral qapaq təmiri” kursları xüsusilə gənc kardioloqlar üçün çox faydalıdır. Müasir avadanlıqların istifadəsi və xüsusi şəraitdə keçirilən beynəlxalq təcrübədə WET LAB adlanan bu praktik məşğələlərdə heyvan ürəkləri üzərində ürəyin cərrahi anatomiyası mövzusunda təlim və tədrisi aparılıb.

“Damar anastomozu” mövzusunda keçirilən ilk təlimin moderatoru Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri, professor Mehmetali Özatik tədbirin əhəmiyyətini vurğulayıb, belə mötəbər konqresdə iştirakdan məmnunluğunu ifadə edib.

Professor deyib: “Burada gənc məsləkdaşlarımızla öz təcrübəmizlə bölüşməyə geniş imkanlar yaradılıb. Təşkil olunan təlimlərin gənc cərrahların gələcək professional fəaliyyətlərində çox böyük müsbət rol oynayacağına əminəm. İlk kurs özündə süni damarlara atılan tikişlər, onların bir-birinə bağlanma yolları haqqında geniş məlumat veriləcək”.

“Mitral qapaq təmiri” mövzusunda keçirilən təlimin moderatoru Türkiyənin Ankaradakı Atatürk Xəstəxanasının ürək-damar cərrahı, professor Şərəf Alp Küçüker ürək qapaqları və ürək xəstəlikləri zamanı tətbiq olunan cərrahi müdaxilələr barədə konqres iştirakçılarına məlumat verib.

Alim bildirib ki, mitral qapaq ürəyin ən vacib və ən çox əməliyyatlar icra olunan qapağıdır. Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq anadangəlmə və əsasən qazanılmış ürək qüsurudur.

Sonra təlimlər mövzuları əhatə edən əməliyyatların maketlər üzərində tətbiqi ilə davam etdirilib.

Qeyd edək ki, üç gün davam edəcək konqresdə kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq, tibbin bu sahəsinin son yenilikləri müzakirə ediləcək. Dünyanın aparıcı kardioloq və kardiocərrahlarının dəvət olunduğu konqresdə təxmini 15 ölkədən 400-ə yaxın yerli və əcnəbi mütəxəssis iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.